Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, “Vergi Məcəlləsi”ndə nəzərdə tutulan əmanət gəlirləri üzrə vergi güzəştinin müddəti bu ilin sonunda bitir və onun uzadılması gündəmdə deyil.
Deputat Vüqar Bayramov açıqlayıb ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Vergi Məcəlləsi”nə dair müzakirə olunan dəyişikliklər paketində bir sıra güzəştlərin müddəti uzadılsa da, Məcəllənin 102.1.22-4 maddəsi üzrə bank əmanətləri ilə bağlı güzəşt bu siyahıya daxil edilməyib.
Hazırkı qanunvericiliyə görə, yerli banklar və xarici bankların Azərbaycandakı filialları tərəfindən fiziki şəxslərə milli valyutada açılan depozitlər üzrə aylıq faiz gəlirinin 200 manatadək hissəsi gəlir vergisindən azaddır. Bundan əlavə, 18 ay və daha uzun müddətə qoyulan və vaxtından əvvəl çıxarılmayan milli valyuta əmanətləri üzrə faiz gəlirinin tamı vergiyə cəlb olunmur.
V.Bayramovun sözlərinə görə, bu güzəşt 2027-ci ildən ləğv olunacaq. Beləliklə, bir bankda aylıq faiz gəliri 200 manatdan çox olan əmanətlərin bu həddi aşan hissəsi gəlir vergisinə cəlb ediləcək. Nümunə kimi, aylıq 500 manat gəlir gətirən əmanətin 300 manatlıq hissəsi artıq vergiyə tabe olacaq.
Əmanətçilərin sayı artıb
Deputat qeyd edib ki, bankların ümumi öhdəliklərinin 76,4 faizini, yəni 41,8 milyard manatını depozit portfeli təşkil edir. Bu portfelin 57,4 faizi hüquqi, 42,6 faizi isə fiziki şəxslərin əmanətlərindən ibarətdir, fiziki şəxslərin əmanətlərinin isə 64,7 faizi müddətli depozitlərdir.
V.Bayramovun məlumatına görə, güzəştlərin tətbiqindən bəri unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minə yüksəlib, unikal müddətli əmanətçilərin sayı isə ilin əvvəlindən 16,4 faiz artıb. O, bunu üç il əvvəl qəbul olunan güzəştlərin təsiri ilə yanaşı, Mərkəzi Bankın sağlamlaşdırma tədbirləri və islahatları ilə də əlaqələndirib.
Deputat üç illik uzatma təklif edib
V.Bayramov bildirib ki, 2030-cu ilədək biznes kreditlərinin payının artırılması hədəflənir və bunun üçün banklara uzunmüddətli depozit bazası lazımdır. Onun sözlərinə görə, bu həm də nağd pulun (M0 aqreqatı) dövriyyədəki payının azaldılması baxımından önəmlidir.
Deputat hesab edir ki, əmanətlər üzrə vergi güzəştinin iqtisadi səmərəsi büdcəyə gətirəcəyi fiskal gəlirdən daha yüksəkdir, çünki hər milyard manatlıq əmanət orta hesabla 8 faiz gəlir yaradır. O, 18 ay və daha çox müddətli əmanətlər üçün güzəştin daha 3 il uzadılmasını təklif edib və bu təklifi komitə iclasında da səsləndirdiyini bildirib.
