Müdafiə Nazirliyindəki 160 milyon manatlıq yeyinti işi üzrə 5 il həbs cəzasına məhkum edilmiş polkovnik Mahir Şirvanov yerli məhkəmənin qərarı ilə azadlığa buraxılıb. O, nazirliyin Satınalma və Təchizat İdarəsinin keçmiş rəisidir.
Məhkəmə Şirvanovun cəzasının çəkilməmiş 5 ay 12 günlük hissəsini şərti hesab edib. Polkovnik qərar çıxan kimi saxlanıldığı cəzaçəkmə müəssisəsindən azad olunub. Hakim qərarını məhkumun cəzasının 3/4 hissəsini çəkməsi və islah olunması ilə əsaslandırıb.
Mahir Şirvanov 2022-ci ilin əvvəlində həbs olunmuşdu. O, bu ilin əvvəlində vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət etsə də, həmin vaxt qalan 1 il 2 aylıq həbs müddətinin davam etdirilməsinə qərar verilmişdi.
Qeyd edək ki, Müdafiə Nazirliyi ilə bağlı korrupsiya işində dövlətə vurulmuş ümumi ziyan 160 milyon manat təşkil edir. Təqsirləndirilən şəxslər bu məbləğin 41 milyon manata yaxın hissəsini ödəyiblər.
Həmçinin oxuyun: Müdafiə Nazirliyinə vurulmuş 160 milyon manat ziyandan 41 milyonu qaytarılıb
