Nazirlik ÜST ilə reabilitasiya və sığorta sahəsində əməkdaşlığı genişləndirir - carci.news
carci.news
Əsas xəbərlərSosial müdafiə

Nazirlik ÜST ilə reabilitasiya və sığorta sahəsində əməkdaşlığı genişləndirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi arasında keçirilən görüşdə icbari tibbi sığorta və reabilitasiya sistemlərində idarəetmənin təkmilləşdirilməsi müzakirə olunub. Bildirilib ki, dövlət hesabına verilən reabilitasiya vasitələrinin növləri son illər 57-dən 130-a çatdırılıb.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ilə ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı iştirak edib. Nazir Prezident İlham Əliyevin tapşırıqları çərçivəsində son illər aparılan sosial islahatlar, o cümlədən əlillik və reabilitasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Anar Əliyevin sözlərinə görə, reabilitasiya vasitələri ilə təminat sistemi ÜST-nin təsnifatına uyğunlaşdırılıb, bunun nəticəsində dövlət büdcəsi hesabına verilən vasitələrin növ sayı 57-dən 130-a qədər artırılıb.

Nazir bu nəticələrin əldə olunmasında ÜST ilə birgə fəaliyyətin xüsusi rolu olduğunu vurğulayıb və mövcud əməkdaşlıq təcrübəsinin gələcəkdə daha geniş miqyaslı işbirliyi üçün zəmin yaratdığını qeyd edib. O, həmçinin əhalinin icbari tibbi sığortası sahəsindəki islahatlar, innovativ həllərin tətbiqi və xidmətlərin əlçatanlığının artırılması üzrə görülən tədbirlər barədə də danışıb.

Öz növbəsində Hande Harmancı Azərbaycanda aparılan sosial islahatları və nazirliklə ÜST arasındakı əməkdaşlığı müsbət qiymətləndirib. Görüş zamanı tərəflər icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsinə dair birgə iş imkanlarını da müzakirə ediblər.

Related posts

Azərbaycan Qlobal İnnovasiya İndeksində 85-ci yerə yüksəlib

Editor

Pensiya hesablanmasında yeni qayda: bəzi vətəndaşlara aylıq əlavə veriləcək

Editor

Pensiyaçılara aylıq əlavə tətbiqi üçün qanun layihəsi qəbul edilib

Editor

Şərh yazın

IP geolocation by DB-IP