Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Şimal Regional Mərkəzlə birgə ionlaşdırıcı şüa mənbələrinin təhlükəsiz istifadəsinə həsr olunmuş maarifləndirmə tədbiri təşkil edib.
Tədbirdə Şimal Regional Mərkəzin xidmət göstərdiyi rayonların icra hakimiyyəti nümayəndələri, ionlaşdırıcı şüalanma sahəsində çalışan müəssisə və qurumların rəhbər şəxsləri, habelə FHN-in ərazi strukturlarının əməkdaşları iştirak edib. Tədbirin məqsədi radiasiya təhlükəsizliyi sahəsində məlumatlılığın artırılması olub.
Tədbiri giriş sözü ilə açan Şimal Regional Mərkəzin rəis müavini Ruhid Hacəliyev radiasiya təhlükəsizliyi qaydalarına riayət edilməsinin və bu sahədə çalışanların bilik səviyyəsinin artırılmasının önəmli olduğunu qeyd edib. O, həmçinin regiondakı qurumlar arasında əlaqələrin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Öz çıxışında Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev Agentliyin gördüyü işlər, qarşıya qoyulan vəzifələr və regional mərkəzlərlə birgə icra olunan layihələr barədə iştirakçılara ətraflı bilgi verib.
Görüş zamanı nəzarət mexanizmləri, sahibsiz radioaktiv maddələrin aşkarlanmasında qurumlararası koordinasiya, nüvə və radiasiya qəzaları, eləcə də belə hallarda tətbiq edilən idarəetmə yanaşmaları müzakirə edilib. Agentliyin nümayəndələri bu mövzularda təqdimatlar nümayiş etdirib, məlumatlandırıcı video materiallar göstərib və iştirakçıların suallarını cavablandırıb.
