Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi İnzibati Xətalar Məcəlləsinə əlavə olunacaq yeni maddəni müzakirəyə çıxarıb. Sənəd dövlət xidmətləri sahəsində qayda pozuntularına görə vəzifəli şəxslər üçün 250 manatdan 1050 manatadək cərimələr müəyyən edir.
Təklif olunan norma Məcəllənin 594-3-cü maddəsi kimi nəzərdə tutulub və dövlət xidmətlərinin göstərilməsi zamanı yol verilən müxtəlif pozuntuları əhatə edir. Layihəyə görə, xidmətlərin göstərildiyi informasiya sistemlərində aparılan təkmilləşdirmə işləri barədə istifadəçilərin elektron qaydada xəbərdar edilməməsi 250-350 manat cərimə ilə nəticələnəcək. Xidmətlərin göstərilmə qaydaları barədə məlumat verilməməsinə görə isə cərimə 350-450 manat təşkil edəcək.
Sənəddə elektron xidmətlər üzrə ödənişlərə dair ayrıca bənd də var. Dövlət rüsumunun və ya xidmət haqqının elektron formada ödənilməsi imkanı yaradılmazsa, məsul şəxslərə 450-550 manat məbləğində cərimə tətbiq ediləcək. Müraciət edən şəxslərə qanunla nəzərdə tutulmuş inzibati akt, texniki və ya digər hüquqi sənədin verilməməsi, yaxud zəruri informasiyanın təqdim olunmaması 550-650 manata başa gələcək.
Xidmətdən imtina və ya onun dayandırılması zamanı hüquqi əsas və şikayət hüququ barədə məlumat verilməməsinin cəzası 650-750 manat olacaq. Əlillik statusu olan şəxslər üçün dövlət xidmətlərindən istifadə şəraitinin yaradılmaması, yaxud qanunla nəzərdə tutulan hallarda onlara səyyar xidmət göstərilməməsi 750-850 manat cərimə ilə qarşılanacaq.
Layihəyə əsasən, məlumatların Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmədən xidmətin göstərilməsi 850-950 manat cərimə tələb edəcək. Normativ hüquqi aktların tələblərinə baxmayaraq xidmətin göstərilməməsi və ya onun nəticəsi barədə istifadəçinin məlumatlandırılmaması isə ən yüksək həddə – 950-1050 manat arasında cərimələndiriləcək.
Həmçinin oxuyun: Milli Məclis terrorçuluğun maliyyələşməsinə dair məcəllə dəyişikliklərini təsdiqləyib
