Sabiq Baş konsul S.Qasımovun dələduzluq işi baxışa verildi - carci.news
carci.news
Hadisələr

Sabiq Baş konsul S.Qasımovun dələduzluq işi baxışa verildi

Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovun dələduzluqda ittiham olunduğu cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi işin əsas baxışına keçilməsi barədə qərar qəbul edib. Baxış iclası oktyabrın 13-nə təyin olunub.

Hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən növbəti prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, iştirakçılara hüquq və vəzifələri izah olunub.

Təqsirləndirilən şəxsin vəkili işdə müəyyən qanun pozuntularının yer aldığını bildirərək, materialların ibtidai istintaqa qaytarılmasını xahiş edən vəsatət qaldırıb. Öz növbəsində zərərçəkənin vəkili bildirib ki, Qasımovun anketdə göstərdiyi ünvandakı mənzil artıq satılıb və dəymiş ziyanla bağlı heç bir kompensasiya ödənilməyib. Bu əsasla qətimkan tədbirinin dəyişdirilərək həbslə əvəz olunması tələb edilib.

Məhkəmə müşavirədən sonra hər iki vəsatəti təmin etməyib və işin mahiyyəti üzrə baxışa göndərilməsi barədə qərar elan edib.

Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən araşdırılıb. İstintaqa görə, zərərçəkənlərə – Anton Zayats və Faiq Mikayılova – ümumilikdə 200 min manatdan çox ziyan vurulub, bunun bir qismi araşdırma zamanı ödənilib. Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərracla alacağını, digər zərərçəkənə isə qızılı hava yolu ilə xaricə çıxaracağını vəd edərək pul əldə etdiyi iddia olunur.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (xarici ölkə ərazisində külli miqdarda ziyanla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Sultan Qasımov 2009-cu ildə Yekaterinburqda Azərbaycanın ilk Baş konsulu təyin olunmuş, 2016-cı ildə həmin vəzifədən geri çağırılmışdı. Elə həmin il, 3 mayda o, Sankt-Peterburqdakı Baş konsul vəzifəsinə təyin edilmiş, 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən azad olunmuşdu.

Related posts

Dubaydan Tel-Əvivə uçan flydubai reysi pilotlar arasında dava səbəbindən Səudiyyə Ərəbistanına yönləndirilib

Editor

Masazırda avtomobilləri yandıran şəxslər barəsində həbs qərarı çıxarılıb

Editor

İstanbulda konsert zalında atışma: iki nəfər ölüb

Editor

Şərh yazın

IP geolocation by DB-IP