Bakıda ev tikintisi və təmiri üzrə fəaliyyət göstərən “Azea Group” MMC-nin rəhbəri Elsevər Əliyev barəsində Yasamal Rayon Məhkəməsi ev dustaqlığı qətimkan tədbiri tətbiq edib. Qərarın səbəbi onun sağlamlıq vəziyyəti ilə bağlıdır.
“Azea Group” rəhbəri Elsevər Əliyev barəsində Yasamal Rayon Məhkəməsinin çıxardığı qərara görə, o artıq ev dustaqlığı şəraitində saxlanılacaq. Bundan əvvəl o, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanlarına təhvil verilmişdi. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə dələduzluqla bağlı ittiham irəli sürülüb.
İstintaqın topladığı materiallara əsasən, Elsevər Əliyev həyat yoldaşı ilə birgə bir vətəndaşdan bağ evi tikintisi adı altında 889 min manat vəsait alıb. Qeyd olunur ki, ər-arvad bu məbləğin yarısından çoxunu şəxsi məqsədlər üçün istifadə edib.
Yasamal Rayon Məhkəməsi keçirdiyi iclasda Elsevər Əliyevin sağlamlıq problemlərini nəzərə alaraq, onun barəsində həbs əvəzinə ev dustaqlığı tətbiqinə qərar verib.
Məlum olub ki, Elsevər Əliyevlə bağlı araşdırma bundan əvvəl də aparılıb. Sonradan Bakı Şəhər Prokurorluğu işin materiallarının Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırılmasına dair qərar qəbul etmişdi.
