“Bakı Metropoliteni” QSC-də bildirilib ki, Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində tunelin 63 metrlik hissəsində qazma işləri artıq icra olunub.
Açıqlamaya görə, layihə üzrə ümumilikdə 211 metr uzunluğunda tunel qazılması nəzərdə tutulub. “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib ki, işlər təsdiqlənmiş qrafikə uyğun, planlı şəkildə aparılır.
M.Rzayevin sözlərinə görə, Qırmızı və Yaşıl xətlərin uzadılması çoxmərhələli və mürəkkəb layihədir. O qeyd edib ki, bu cür layihələrin maliyyələşdirilməsini beynəlxalq maliyyə qurumları həyata keçirir və artıq müvafiq proseslər başlayıb.
Metropoliten rəsmisi əlavə edib ki, hazırda yeni tender mərhələsinə hazırlıq gedir. Onun sözlərinə görə, tenderin qalibi müəyyənləşdikdən sonra tikinti-quraşdırma işlərinə start veriləcək.
