Milli Məclis dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarına dair yeni qaydanı üçüncü oxunuşda təsdiqləyib. Dəyişiklik “Dövlət satınalmaları haqqında” Qanuna edilib.
Qanun layihəsi 23 oktyabrda Milli Məclisin iclasında müzakirə olunaraq səsverməyə qoyulub və üçüncü oxunuşda qəbul edilib. Dəyişikliyin əsas məqsədi dövlət orqanlarının idarə etdiyi müəssisələrin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin, habelə onların təsisçisi və ya iştirakçısı olduğu hüquqi şəxslərin satınalma prosesini yeni çərçivəyə salmaqdır.
Sənədə görə, bu qurumların dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikası büdcəsindən, büdcə ssudalarından, subsidiyalardan, dövlət zəmanətli kreditlərdən, dövlət qrant və yardımlarından, həmçinin büdcədənkənar dövlət fondlarının vəsaitlərindən fərqli maliyyə mənbələri hesabına aldıqları mal, iş və xidmətlərə “Dövlət satınalmaları haqqında” Qanun artıq tətbiq olunmayacaq.
Bunun əvəzinə həmin malların, işlərin və xidmətlərin alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiq edəcək. Beləliklə, bu kateqoriyaya aid satınalmalar ayrıca tənzimləmə əsasında həyata keçiriləcək.
Həmçinin oxuyun: Milli Məclisdə 2027-2030 üçün 108,6 milyard manatlıq investisiya proqnozu açıqlanıb
