Milli Məclis Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləyə terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Dəyişikliklər hüquqi şəxslərin bu sahədə məsuliyyətini daha dəqiq müəyyən edir.
Dəyişikliklər parlamentin payız sessiyasının plenar iclasında müzakirə edildikdən sonra səsə qoyulub və qəbul edilib. Sənədə əsasən, hüquqi şəxsdə maliyyə əməliyyatları üzərində nəzarətin qanunla tələb olunan qaydada qurulmaması nəticəsində vəzifəli şəxslər xidməti vəzifələrini icra edərkən terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdiyi hallarda, həmin hüquqi şəxsə qarşı cinayət-hüquqi tədbirlər tətbiq olunacaq.
Bu zaman cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması məqsədilə törədilib-törədilməməsinin əhəmiyyəti olmayacaq.
Layihədə həmçinin qeyd olunub ki, terrorçuluğun maliyyələşməsi digər iqtisadi xarakterli cinayətlərdən əsaslı şəkildə fərqlənir. Belə ki, bu əməlin məqsədi maliyyə və ya digər iqtisadi mənfəət əldə etmək deyil, vəsaitləri terror aktının, terror təşkilatının yaxud terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəltməkdir.
Həmçinin oxuyun: Milli Məclis Mərkəzi Bankın nəzarət səlahiyyətlərini genişləndirən layihəni dəstəklədi | Milli Məclisdə 2027-2030 üçün 108,6 milyard manatlıq investisiya proqnozu açıqlanıb
