Bakıxanov-Binə-Qala dəmiryol xəttinin bərpası çərçivəsində Binə qəsəbəsində tikinti altına düşən yaşayış evlərinin sökülmə işləri start götürüb. “Azərbaycan Dəmir Yolları” QSC layihələndirmə işlərinin 30 faizinin tamamlandığını açıqlayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, Bakıxanov-Binə-Qala xəttinin mühafizə zonasına düşən yaşayış evləri, qeyri-yaşayış obyektləri və torpaq sahələri üzrə 300 mülkiyyətçi qeydiyyata alınıb. Onlardan 250-dən çoxu ilə kompensasiya ilə bağlı protokollar imzalanıb, 200-dən artıq mülkiyyətçiyə isə ödəniş artıq həyata keçirilib. Qurum bildirib ki, bu proses hazırda da davam etdirilir.
Layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində icra olunur. Bakıxanov-Binə-Qala xəttinin bərpası üçün icra müddəti 2026-2028-ci illəri əhatə edir.
Həmin Dövlət Proqramı çərçivəsində bundan başqa Yeni Suraxanı-Hövsan, Zabrat-Maştağa-Bağlar və Qaradağ-Güzdək dəmiryol xətlərinin də yenidən qurulması üzrə işlər aparılır.
