FED.az-ın yaydığı məlumata görə, Milli Məclisə daxil olan “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsinə əsasən, vəzifəli şəxslərin maraqlar toqquşması nəticəsində əldə etdiyi əmlak, imtiyaz və ya güzəşt, yaxud onların dəyəri könüllü şəkildə dövlətin xeyrinə ödəniləcək.
Layihəyə görə, vəzifəli şəxs maraqlar toqquşması nəticəsində əldə etdiyi əmlakı qaytarmaqdan, yaxud əldə olunmuş imtiyaz və ya güzəştin dəyərini ödəməkdən boyun qaçırarsa, məsələ məhkəmə yolu ilə həll olunacaq.
Bu halda müvafiq qurumun iddiası əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həmin əmlak, imtiyaz və ya güzəşt, yaxud onların dəyəri məcburi qaydada və əvəzsiz olaraq dövlətin xeyrinə alınacaq.
Layihə parlamentdə müzakirə ediləcək
Report-un məlumatına görə, “Maraqlar toqquşması haqqında” qanun layihəsi oktyabrın 28-də Milli Məclisə daxil olub. Sənəd oktyabrın 29-da parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında müzakirəyə çıxarılacaq.
