Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın pərakəndə satış bazarının iri oyunçularından olan Veysəloğlu Şirkətlər Qrupuna 126 milyon manata (təxminən 65 milyon avro) qədər kredit ayırmağı müzakirə edir.
Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanda ərzaq və gündəlik tələbat mallarının pərakəndə satışı sahəsində fəaliyyət göstərir. Planlaşdırılan kredit, qrupun ümumi dəyəri təxminən 373 milyon manat olan irimiqyaslı investisiya proqramının bir hissəsi kimi nəzərdən keçirilir.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) ayıracağı vəsait, digər kredit təşkilatlarının da qoşulacağı daha geniş bir maliyyə paketinin tərkib hissəsi olacaq.
Məlumata görə, cəlb olunacaq resurslar şirkətin ticarət şəbəkəsinin və avtomobil parkının genişləndirilməsinə, eləcə də ölkə ərazisində yeni paylama mərkəzinin tikintisinə yönəldiləcək.
