Bolqarıstanın paytaxtı Sofiyada keçirilən karatenin şotokan növü üzrə Avropa çempionatında Azərbaycanın eşitmə məhdudiyyətli idmançıları 3 qızıl medala sahib olublar.
Yarış World Shotokan Federation (WSF) versiyası çərçivəsində təşkil olunub. Bu barədə Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Kata proqramı üzrə Aytən Qədirova birinci yerə çıxıb. Kumite yarışlarında isə Hikmət Ağayev +18 yaş kateqoriyasının 60 kiloqram çəki dərəcəsində, Elmin Hüseynli isə 75 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
Beləliklə, Azərbaycan komandası Sofiyadakı Avropa çempionatında üç idmançısı hesabına fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
