Xankəndidə klinika şöbəsi və stadion açıldı
carci.news
Əsas xəbərlərQarabağ və Şərqi Zəngəzur

İlham Əliyev Xankəndidə Qarabağ Universitetinın təcili yardım şöbəsinin və şəhər stadionunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinın Təcili tibbi yardım şöbəsinin və əsaslı yenidən qurulmuş şəhər stadionunun açılışında, həmçinin universitetin Kitabxana və İnnovasiya Mərkəzi binalarının təməlqoyma mərasimlərində iştirak edib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitet Klinikasının baş direktoru Samir Babayev dövlət başçısına klinikada görülən işlər barədə məlumat verib. Bildirilib ki, mövcud mühəndis-kommunikasiya sistemləri yenidən qurulub və şöbə müasir standartlara uyğunlaşdırılıb.

Təcili yardım şöbəsində reanimasiya, uşaq pediatriya bölmələri, palatalar və dərman saxlama otaqları daxil olmaqla funksional zonalar yaradılıb. Pasiyentlərin başqa müəssisələrə köçürülməsi üçün reanimasiya avadanlığı ilə təchiz olunmuş təcili yardım maşınları da var.

Klinikada hazırda 70 stasionar çarpayı, o cümlədən 5 reanimasiya yeri var. Təcili yardım şöbəsi əlavə 19 çarpayı və 5 əməliyyat zalı ilə təmin olunub ki, bu da eyni vaxtda 70 stasionar və 19 təcili yardım pasiyentinə xidmət göstərməyə imkan verəcək. 2027-ci il inkişaf planına əsasən tibb müəssisəsində 230-250 əməkdaşın çalışması nəzərdə tutulur.

Kitabxana və İnnovasiya Mərkəzinin təməli qoyuldu

Prezident İlham Əliyev həmçinin Qarabağ Universitetinin Kitabxanası və İnnovasiya Mərkəzi binalarının təməlqoyma mərasimlərində iştirak edib. Dördmərtəbəli kitabxana binasında eyni vaxtda təxminən 1100 tələbənin istifadə edəcəyi oxu zalları və əməkdaşlıq məkanları yaradılacaq.

İnnovasiya Mərkəzinin isə sahibkarlıq ekosisteminin inkişafına, elmi-tədqiqat nəticələrinin praktiki tətbiqinə və universitet-sənaye əməkdaşlığının genişlənməsinə xidmət edəcəyi bildirilib.

Xankəndi stadionu UEFA standartlarına uyğunlaşdırıldı

Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına 1956-cı ildə istifadəyə verilmiş Xankəndi Şəhər Stadionu barədə məlumat verib. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatından sonra Xankəndi erməni işğalından azad edilib və bundan sonra stadionun əsaslı yenidən qurulmasına başlanılıb.

Stadion UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun qurulub, ərazisi 3,39 hektara çatdırılıb. Tamaşaçı yerlərinin ümumi sayı 8554-dür, bunlardan 8214-ü standart, 251-i xüsusi qonaq yeri, 59-u media, 30-u isə əlçatanlıq yerləridir.

105×68 metrlik futbol meydançasına süni ot örtüyü döşənib, ətrafında isə 100 metrdən 10 min metrədək məsafələri əhatə edən atletika zonası yerləşir. Stadionda futbolçular, hakimlər, məşqçilər və media nümayəndələri üçün otaqlar, konfrans zalı və tibb məntəqəsi də var.

Related posts

Şanxayda keçirilən dünya yarışında Azərbaycan komandasına yüksək mükafat verilib

Editor

Cəlilabadda arxeoloqlar naməlum qədim məskən üzə çıxarıblar

Editor

Dövlət şirkətlərinin qeyri-neft ixracı 758 milyon dolları ötüb

Editor

Şərh yazın

IP geolocation by DB-IP