Prezident İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin kapital təmirdən sonrakı açılış tədbirində iştirak edib. Elm və Təhsil naziri Emin Əmrullayev dövlət başçısına mərkəzdə yaradılan yeni şəraitlə bağlı məlumat verib.
Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı bərpası Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 2025-ci ilin mart ayında başlayıb.
İki mərtəbəli tədris binası 360 yerlikdir. Binada doqquz emalatxana, üç praktiki təlim sahəsi, musiqi alətlərinin hazırlanıb bərpa edildiyi ayrıca otaq, beş dərs otağı, rəsm üzrə sinif, fizika və kimya laboratoriyaları, kompüter və hərbi hazırlıq otaqları, həmçinin tələbələr üçün yeməkxana fəaliyyət göstərir.
Beş mərtəbəli yataqxana binasında isə akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, ənənəvi və elektron kitabxana, tədris, yataq və istirahət otaqları, fitnes zalı və ictimai iaşə obyekti yerləşir.
Şuşada kadr hazırlığına töhfə
Yenilənmiş tədris kompleksinin məqsədi bölgədə davam edən bərpa-quruculuq işlərinə yerli ixtisaslı kadr hazırlığı ilə dəstək olmaqdır. Mərkəzin açılışı bölgədə təhsil infrastrukturunun inkişafı istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.
