Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycanın oğlanlardan ibarət çimərlik güləşi komandası komanda hesabında birinci yerə çıxıb.
Milli komandanın tərkibində Tunar Quliyev (70 kiloqram) və Elgün Kərimli (90 kiloqram) öz çəki dərəcələrində qızıl medal qazanaraq Yeniyetmələrin Olimpiya çempionu titulunu əldə ediblər. 80 kiloqramda çıxış edən Nihad Süleymanlı isə gümüş mükafata layiq görülüb.
Fərdi nəticələr əsasında aparılan hesablamada Azərbaycan komandası 70 xalla ilk pillədə qərarlaşıb. Gürcüstan yığması 61 xalla ikinci, ev sahibi Seneqalın komandası isə 58 xalla üçüncü yerdə yer alıb.
