Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Çinin Sinopec Corp. şirkəti ilə Şanxay şəhərində satınalma və təchizat zənciri idarəetməsi sahəsində strateji əməkdaşlıq barədə memorandum imzalayıb. Sənəd şirkətlər arasında bu sahədə əməkdaşlığın inkişafına yönəlib.
SOCAR-Sinopec memorandumunu SOCAR-ın vitse-prezidenti Fuad Musayev və Sinopec Corp. şirkətinin vitse-prezidenti Li Yuxing imzalayıb. SOCAR-ın yaydığı məlumata görə, saziş iki qurum arasında təchizatçı resursları barədə məlumat mübadiləsini və birgə təchizat zənciri idarəetmə strategiyalarının formalaşdırılmasını nəzərdə tutur.
Razılaşmaya əsasən, tərəflər həmçinin təcrübə və qabaqcıl üsulların mübadiləsini aparacaq, bir-birinin istehsal etdiyi məhsulları, avadanlıqları və göstərdiyi xidmətləri öz satınalma sistemlərinə inteqrasiya etmək variantlarını araşdıracaqlar. Sənəddə gələcəkdə qarşılıqlı razılıq əsasında digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi imkanı saxlanılıb.
Sinopec Corp. haqqında məlumat
Sinopec Corp. Çinin iri inteqrasiya olunmuş enerji və kimya müəssisələrindən biri hesab olunur. Şirkətin fəaliyyəti neft-qaz kəşfiyyatından başlayaraq hasilat, emal, daşınma, satış, neft-kimya istehsalı, eləcə də enerji və kimya sahəsində texnoloji araşdırma və tətbiqləri əhatə edir.
Təşkilat 2000-ci il fevralın 25-də yaradılıb və həmin ilin oktyabrında onun səhmləri Honkonq, Nyu-York və London fond birjalarında ticarətə çıxarılıb. 2001-ci ilin avqustunda isə şirkətin səhmləri Şanxay fond birjasında da listinqə alınıb.
Qurumun tərkibinə neft-qaz axtarışı, emalı, kimya istehsalı, marketinq, tədqiqat-işləmə və xarici ticarətlə məşğul olan 100-dən çox törəmə və filial şirkət daxildir. Əsas istehsal qurğuları və satış bazarları Çinin şərq, cənub və mərkəzi vilayətlərində yerləşir.
Sinopec Corp.-un ən böyük səhmdarı 1998-ci ildə qurulmuş dövlət mülkiyyətində olan China Petrochemical Corporation (Sinopec Group) şirkətidir. Bu struktur dövlətin investisiya qoyuluşu və idarəetmə alətlərindən biri kimi fəaliyyət göstərir.
