Prezident İlham Əliyev 7 noyabrda Ağdamda metal məmulatları və yataq istehsalı üzrə iki yeni müəssisənin açılışında iştirak edib, həmçinin iri zeytunçuluq təsərrüfatına baş çəkib. Ağdam Sənaye Parkı rezidentlərinin məcmu satış həcmi artıq 2,96 milyard manata, ixracı isə 132,6 milyon manata çatıb.
Ağdam Sənaye Parkında istifadəyə verilən iri layihələrdən biri metal məmulatları zavodudur. Onun ümumi dəyəri 24,9 milyon manat təşkil edir və layihə iki mərhələdə həyata keçirilir — birinci mərhələyə 8,8 milyon manat, ikinci mərhələyə isə 16,1 milyon manat yönəldilib. Özəl kapitalla yanaşı, Azərbaycan Biznesin İnkişafı Fondu vasitəsilə subsidiyalaşdırılan təxminən 4,7 milyon manat bank krediti də cəlb olunub.
Zavodun birinci mərhələsində illik istehsal gücü 4.920 ton tikinti toru, 3.480 ton çəkmə məftil, 3.180 ton mıx, 1.800 ton tablanmış məftil, 12.000 ton məftil və 1.080 ton soyuq deformasiyalı armatur təşkil edəcək. İkinci mərhələdə isə əlavə olaraq 10.000 ton sinklənmiş məftil və 8.240 ton yüksək karbonlu çəkmə məftil istehsalı planlaşdırılır. Bu məhsulların bir hissəsi xarici bazarlara da göndəriləcək.
Müəssisədə hazırda 26 nəfər çalışır, istehsal tam gücü ilə işə düşdükdən sonra bu rəqəmin 100 nəfərə çatması gözlənilir. Avadanlıqlar İtaliya, Almaniya, Türkiyə və Çin şirkətlərindən təmin olunub.
Yataq istehsalı və Ağdam Sənaye Parkının göstəriciləri
Ağdam Sənaye Parkında açılan ikinci müəssisə illik 130.000 ədəd yataq istehsal gücünə malik fabrikdir. 2,5 milyon manat dəyərində olan layihə 65 nəfəri işlə təmin edəcək və müxtəlif ölçü, sərtlik dərəcəli yataqlarla yanaşı, Bonnell və müstəqil yaylı (pocket) sistemlər də istehsal edəcək. Fabrikdə həmçinin yataqların silindrik formada sıxılaraq qablaşdırılmasına imkan verən rulon-paket texnologiyası tətbiq olunur, bu da daşınma və saxlama xərclərini azaldır. Məhsulların bir qismi otel və qonaqpərvərlik sektoruna yönəlib.
2021-ci ildə 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkında hazırda 37 rezident və 2 qeyri-rezident olmaqla 39 müəssisə qeydiyyatdan keçib. Onların layihələrinin ümumi dəyəri 375,5 milyon manat, faktiki investisiya isə 192,6 milyon manat təşkil edir. Parkda 1.000-dən çox nəfər çalışır, rezidentlərin məcmu satış həcmi isə 2,96 milyard manata çatıb, bunun 132,6 milyon manatı ixrac hesabına formalaşıb.
1.150 hektarlıq zeytun plantasiyası
Prezident İlham Əliyevin baş çəkdiyi üçüncü obyekt — 1.150 hektar sahəni əhatə edən zeytunçuluq təsərrüfatıdır. Hazırda ərazidə 700.000-dən çox zeytun ağacı bitirilib, illik istehsal hədəfi isə 10.000 ton zeytun, yəni təxminən 2.000 ton zeytun yağına bərabərdir. Gələcəkdə zeytun və badam ağaclarının sayının 1,5 milyona çatdırılması nəzərdə tutulur.
Ərazi minalardan və partlamamış hərbi sursatdan təmizləndikdən sonra 2020-ci ilin dekabrında hazırlıq işlərinə başlanılıb, əvvəlcə taxılçılıqla məşğul olunub, məhsuldarlıq hektardan 40 sentnerə çatıb. Sonradan intensiv zeytunçuluğa keçid edilib. Layihə çərçivəsində müvəqqəti suvarma kanalları çəkilib, Eyvazxanbəyli–Xaçınçay yolunun 3.690 metrlik hissəsi bərpa olunub, meteorologiya stansiyası və yanacaqdoldurma məntəqəsi quraşdırılıb. Hazırda 10 hektar meşə sahəsi salınıb, daha 50 hektar meşə salınması planlaşdırılır.
Həmçinin oxuyun: Ağdam Sənaye Parkında 1 500 daimi iş yeri açılıb
