İşğaldan azad olunmuş Cəbrayıl rayonunda Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim və Tinglik Mərkəzi istismara verilib. Yeni obyekt ildə 2 milyon ting yetişdirmək imkanına malikdir.
Cəbrayıl rayonunda qurulan Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim və Tinglik Mərkəzi istifadəyə verilib. Kompleks Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinə tabe olan Meşə Təsərrüfatı Baş İdarəsinin yardımı ilə inşa edilib.
Obyektin təməlqoyma mərasimi 2022-ci il oktyabrın 20-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmişdi.
Kompleksin ümumi ərazisi 11,4 hektardır. Bunun 12 min 200 kvadratmetri əsas tədris korpusu, idarəetmə binası, istehsal sexi və tinglərin satışına ayrılan sahədən ibarətdir, qalan 47 min 300 kvadratmetrlik torpaq isə bilavasitə tinglərin becərilməsi üçün nəzərdə tutulub.
Mərkəzin gücü ildə 2 milyon ting yetişdirməyə imkan verir. Burada hər il 400 nəfərə meşəçilik üzrə həm nəzəri, həm də praktiki hazırlıq keçiriləcək, kurs iştirakçıları üçün isə yataqxana təmin olunub.
Noyabrın 8-də ölkəmizdə səfərdə olan Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat brifinqində bu layihəni Azərbaycan-Türkiyə əməkdaşlığının müasir örnəyi kimi qiymətləndirib. Ərdoğan həmçinin Qarabağın bərpası prosesində Türkiyənin Azərbaycana dəstəyini davam etdirəcəyini bildirib.
