Qarabağ Universitetində Tibb və Sağlamlıq fakültəsinin işə başlaması, Sumqayıt Dövlət Universitetində isə analoji fakültə açmaq niyyəti ölkədə ali tibb təhsilinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Mütəxəssislər bu addımların həkim çatışmazlığı məsələsinə necə təsir edəcəyi barədə fərqli mövqe nümayiş etdirir.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyevanın sözlərinə görə, bu vaxta qədər ölkədə həkim hazırlığının böyük hissəsi yalnız Azərbaycan Tibb Universitetinin üzərinə düşürdü, amma artıq yeni bir dövr açılır. O bildirib ki, xüsusilə ilkin tibbi yardım, ailə həkimi xidməti, ruhi xəstəliklər, vərəm və narkoloji sahələr üzrə, həmçinin bir sıra regionlarda mütəxəssis çatışmazlığı hiss olunur.
Deputatın qeyd etdiyinə görə, Sumqayıt və Xankəndi kimi şəhərlərdə yeni tibb fakültələrinin yaradılması bu bölgələri öz yerli kadrları ilə təmin etməyə kömək edə bilər. O vurğulayıb ki, bunun üçün təcrübəli həkim-müəllimlərin dərs prosesinə qoşulması və xarici tərəfdaşlıqların artırılması önəmlidir. Vəliyeva əlavə edib ki, bu fakültələrin ilk buraxılışı yalnız altı ildən sonra mümkün olacağından, hazırda fəaliyyətdə olan və təqaüdə çıxmış təcrübəli həkimlərin biliyindən də yararlanmaq lazımdır.
İnfrastruktur baxımından çətinliklər
Professor Adil Qeybulla isə digər tərəfə diqqət çəkib. Onun fikrincə, yeni fakültə açmaq sadə görünsə də, müasir tələblərə uyğun maddi-texniki baza və klinik şərait qurmaq xeyli çətindir. Qeybulla bildirib ki, Azərbaycan Tibb Universiteti hazırda bu cür tam təchiz olunmuş yeganə qurumdur və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakıdakı filialı da elə həmin universitetin imkanlarından yararlanır.
Dövlət dəstəyinə ehtiyac
Sosial sahə üzrə ekspert İlqar Hüseynli Türkiyədəki təcrübəyə işarə edərək, tibb təhsilinin ölkə daxilində geniş yayılmasını müsbət addım kimi dəyərləndirib. Onun sözlərinə görə, əsas maneə anatomiya, biokimya, fiziologiya kimi baza fənlərini tədris edə biləcək yüksək səviyyəli müəllim heyətinin olmamasıdır.
Hüseynli Qarabağ Universitetinin yanında fəaliyyət göstərən, kifayət qədər yataq yeri və təcili yardım xidməti olan klinikanı müsbət amil kimi qeyd edib. Ekspertin fikrincə, yeni fakültələrin nəticə verməsi üçün rezidentura təhsilinin yaxşılaşdırılması, gənc mütəxəssislərin regionlarda işləməyə həvəsləndirilməsi və bu istiqamətdə ayrıca dövlət proqramının qəbulu zəruridir. O, həmçinin Azərbaycan Tibb Universitetində, Naxçıvan və Qarabağ universitetlərində təhsil alan tibb tələbələrinin hərbi xidmətdən azad olunmasının kadr ehtiyatının saxlanmasına fayda verə biləcəyini bildirib.
Həmçinin oxuyun: İlham Əliyev Xankəndidə Qarabağ Universitetinın təcili yardım şöbəsinin və şəhər stadionunun açılışında iştirak edib
