Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin satışdan əldə etdiyi ümumi qazanc 2025-ci ildə 2,74 milyard manat, yəni 42,6% kiçilərək 3,68 milyard manat həcmində qeydə alınıb. Geriləmə biznesin bütün böyüklük kateqoriyalarına toxunub.
Banker.az-ın hesablamalarına görə, KOB subyektlərinin rentabellik göstəricisi də 2024-cü ilə nisbətən xeyli zəifləyib: 23,4%-dən 11,7%-ə düşüb. Kiçik həcmli müəssisələrdə vəziyyət daha kəskin olub – bu qrupda rentabellik 33,2%-dən 11,2%-ə enib.
Biznesin ölçü kateqoriyaları üzrə baxıldıqda, mikro müəssisələrin qazancı 35,8% azalaraq 239,3 milyon manata, kiçik müəssisələrinki 43,4% azalaraq 865,4 milyon manata, orta müəssisələrinki isə 43% enərək 2,58 milyard manata düşüb.
Sahələr üzrə fərqli nəticələr
Mənfəətin çəkilməsi yalnız müəssisə ölçüsündən deyil, həm də fəaliyyət sahəsindən asılı olaraq baş verib. Ticarət və nəqliyyat vasitələrinin təmiri ilə məşğul olan KOB-larda qazanc 45,9%-lik azalma ilə 1,32 milyard manata, emal sənayesində 63,1%-lik enişlə 224,4 milyon manata, tikinti sahəsində isə 37,3% aşağı düşərək 562,7 milyon manata enib.
Eyni zamanda, bu subyektlərin satışın maya dəyəri 2024-cü ildəki təxminən 27,45 milyard manatdan 2025-ci ildə 31,49 milyard manata yüksəlib ki, bu da 14,7% artım deməkdir. Maya dəyəri ən çox turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində (122,1%) qalxıb, bunu informasiya-rabitə (30,4%), ticarət (16,8%) və emal sənayesi (14,7%) izləyib.
Xərc maddələrində yüksəliş
Ölkə üzrə bütün müəssisələrin xərc strukturunda 2025-ci ildə xammal və material xərcləri 14%, satış üçün alınan malların dəyəri 9,4%, işçi əmək haqqı fondu 13,9%, elektrik enerjisinə görə ödənişlər 22,3%, amortizasiya xərcləri isə 14,7% artıb.
Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarına görə, ölkədə təsərrüfat subyektləri dörd qrupa bölünür: mikro, kiçik, orta və iri. Mikro qrupa işçi sayı 10-u keçməyən və illik gəliri 200 min manatdan az olan müəssisələr aid edilir, kiçik qrupa isə işçi sayı 11 ilə 50 arasında, illik dövriyyəsi 200 min manatdan 3 milyon manatadək olan subyektlər daxildir.
Orta kateqoriyaya 51-250 işçisi olan, illik gəliri 3-30 milyon manat aralığında dəyişən müəssisələr aid edilir, iri subyektlərə isə 250-dən çox işçi çalışdıran və ya illik gəliri 30 milyon manatı aşan şirkətlər aid olunur. Sənəddə qeyd edilib ki, müəssisənin hansı kateqoriyaya aid olunacağı müəyyən edilərkən işçi sayı və gəlir göstəricilərindən hansı daha yüksək qrupa uyğun gəlirsə, məhz o əsas götürülür.
