FIBA Avropa İdarə Heyətinin Hamburqda keçirilən toplantısında 2027-ci il üçün gənclər arasında Avropa basketbol çempionatlarının keçiriləcəyi şəhərlər müəyyən edilib və Bakının bu yarışlardan birinə ev sahibliyi edəcəyi açıqlanıb.
Azərbaycanın paytaxtı Bakı 2027-ci ildə 20 yaşadək oğlan basketbolçular arasında keçiriləcək Avropa çempionatının B divizionuna ev sahibliyi edəcək. Yarış 2027-ci il iyul ayının 9-dan 18-dək davam edəcək və Azərbaycanın basketbol üzrə ilk Avropa çempionatı təcrübəsi olacaq.
Bu barədə qərar noyabrın 20-də Almaniyanın Hamburq şəhərində təşkil olunan FIBA Avropa İdarə Heyətinin toplantısında qəbul edilib. Həmin görüşdə 2027-ci ildə gənclər arasında keçiriləcək bütün Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.
Azərbaycan Basketbol Federasiyası yaydığı açıqlamada Bakının seçilməsi barədə məlumat verib.
