Azərbaycanlı ağırlıqqaldıran Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində 70 kq çəki dərəcəsində 2 gümüş və 1 bürünc medal qazanıb.
Fuad Həsənov birdən qaldırma hərəkətində 134 kiloqramlıq nəticə ilə ikinci yeri tutub. Təkanla qaldırma növündə isə o, başı üzərinə 162 kiloqram çəki qaldıraraq üçüncü pillədə qərarlaşıb.
İki hərəkətin cəmində 296 kiloqram nəticə göstərən idmançı bu göstəricisi ilə yarışın gümüş medalını qazanıb. Beləliklə, Həsənov Dürresdəki yarışdan ümumilikdə 2 gümüş və 1 bürünc medalla qayıdıb.
Nəticələr barədə məlumat Azərbaycan Ağırlıqqaldırma Federasiyası tərəfindən yayılıb.
