Xəzər dənizinin Azərbaycana aid hissəsinin sahilboyu ərazilərinə xüsusi status verilməsi ilə bağlı təkliflər hazırlanacaq. Baş nazir Əli Əsədov Prezidentin noyabrın 16-da imzaladığı fərmanın icrası üçün sərəncam verib.
Sərəncama görə, İqtisadiyyat Nazirliyi Xəzərin sahilboyu əraziləri üzrə aidiyyəti qurumlarla razılaşdırılmış təklifləri beş ay ərzində Nazirlər Kabinetinə təqdim etməlidir. Təkliflər ərazilərin zonalara bölünməsini və hüquqi rejiminin müəyyənləşdirilməsini əhatə edir.
Ətraf mühitin mühafizəsi, iqtisadi fəaliyyət, turizm və istirahət sahələrində dövlət qurumlarının işinin əlaqələndirilməsi də təkliflərə daxil olacaq.
Nazirlik həmin müddətdə sahilboyu ərazinin sərhədləri və ölçüləri, kağız və rəqəmsal formada qrafik təsviri ilə bağlı təkliflər də verməlidir. Bu zaman su ilə qurunun mövcud təmas xətti nəzərə alınacaq.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi, qanunsuz zəbtlərin qarşısının alınması, inzibati və cinayət məsuliyyətinin gücləndirilməsi üzrə təkliflər də hazırlanacaq.
Sərəncam imzalandığı gün, noyabrın 25-də qüvvəyə minib.
