2027-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, Azərbaycanın bütün şəhər və rayonları yerli xərclərini öz gəlirləri hesabına ödəməyə keçəcək. Mütəxəssislər bu addımın büdcə intizamını gücləndirəcəyini bildirir.
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, rayonların özünümaliyyələşdirməyə keçməsi yerli büdcələrin idarə olunmasında səmərəliliyi artıracaq, vəsaitlərin daha operativ bölüşdürülməsinə və büdcə intizamının gücləndirilməsinə şərait yaradacaq. Onun fikrincə, bu model yerli gəlirlərin müəyyən hissəsinin rayonun ehtiyaclarına yönəldilməsinə imkan verəcək, çünki yerli qurumlar topladıqları vəsait hesabına öz layihələrini həyata keçirmək imkanlarının artmasında maraqlı olacaq.
İqtisadçı-ekspert Emin Qəribli isə bildirib ki, bu addım dövlət büdcəsinin yükünün azaldılması və regionların iqtisadi potensialının üzə çıxarılması baxımından müsbət sayıla bilər. Ona görə, prosesin əsas mahiyyəti rayonların gəlirləri ilə xərcləri arasındakı fərqin aradan qaldırılmasıdır – yəni vergi daxilolmaları və digər yerli gəlirlər hesabına xərclərin qarşılanmasıdır. Ekspert qeyd edib ki, müəyyən hallarda dövlət tərəfindən xərclərin 10 faizindən çox olmamaqla maliyyə dəstəyi göstərilməsi mümkündür.
Hər rayonun öz üstünlüyü var
Emin Qəriblinin sözlərinə görə, bütün rayonların gəlir imkanları eyni olmadığından, hər ərazinin özünəməxsus üstünlükləri müəyyənləşdirilməli və bu imkanlardan səmərəli istifadə olunmalıdır. İqtisadi fəaliyyətin genişləndirilməsi, yerli gəlir mənbələrinin inkişafı və bələdiyyələr vasitəsilə əlavə gəlir axtarışı vacib sayılır. Ekspertə görə, bəzi rayonlar gələcəkdə yalnız öz xərclərini qarşılamaqla kifayətlənməyib, dövlət büdcəsinə əlavə vəsait köçürmək imkanına da sahib ola bilər.
Qəribli həmçinin icra başçıları arasında reytinq sisteminin tətbiqini təklif edib. Onun sözlərinə görə, bu sistem gəlir və xərclərin nə dərəcədə düzgün planlaşdırıldığını, artımın hansı amillər hesabına baş verdiyini qiymətləndirməyə imkan verər və nəticələr ictimaiyyətə açıqlana bilər.
Subsidiyalar mərhələli azaldılıb
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 2027-ci ildən rayonlara dövlət büdcəsindən subsidiya ayrılmasının dayandırılması gözlənilən addım idi, çünki son illər subsidiyalar mərhələli şəkildə azaldılırdı. Onun sözlərinə görə, 2026-cı ildə dövlət büdcəsindən subsidiya yalnız Xocavənd rayonuna ayrılıb, 2027-ci il üçün təqdim olunan layihəyə əsasən isə bu rayonun da yerli gəlirləri xərclərinə bərabər olacaq. Deputat qeyd edib ki, bu, qənaət olunan vəsaitin digər sahələrə yönəldilməsinə imkan yaradacaq.
