Korrupsiya cinayətlərində ittiham olunan Balakənin sabiq icra başçısı İslam Rzayevin əmlakına həbs qoyulub. Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında üzərinə həbs qoyulan əmlakın ümumi qiyməti 3 milyon manata yaxındır.
İslam Rzayevin əmlakının demək olar, hamısı Bakıdadır. Siyahıda müxtəlif ünvanlarda bir neçə mənzil, bağ evi, qeyri-yaşayış sahələri və üç bahalı minik avtomobili var. Rzayevin doğulduğu Göyçay rayonundakı bağ evi də siyahıya daxildir.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iş üzrə istintaqı bitirib. Rzayevə vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, təkrar külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma üzrə yekun ittiham verilib. Bu maddələr 10 ildən çox həbs cəzası nəzərdə tutur.
İşə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə baxılacaq. İlk iclas gələn cümə günü keçiriləcək.
İslam Rzayev ötən il DTX-nin xüsusi əməliyyatı ilə həbs edilib.
