Rüşvət və külli miqdarda mənimsəmə ittihamları ilə həbs cəzası çəkən İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev səhhəti ilə bağlı azadlığa buraxılıb. Qərarı Xəzər Rayon Məhkəməsi qəbul edib.
Vilyam Hacıyevin cəzasının bitməsinə 1 ildən bir qədər artıq müddət qalırdı. Onun vaxtından əvvəl azadlığa buraxılması məhz sağlamlıq vəziyyəti ilə əlaqələndirilib.
Hadisələrin xronologiyasına görə, Vilyam Hacıyev 5 may 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu xüsusilə külli miqdarda mənimsəmədə və rüşvətxorluqda təqsirli bilərək 12 il azadlıqdan məhrum edib.
Bakı Apellyasiya Məhkəməsi bu hökmü dəyişiklik etmədən saxlamışdı. Sonradan isə Ali Məhkəmə işə yenidən baxaraq cəza müddətini 8 il 6 aya endirmişdi.
