ABŞ Maliyyə Nazirliyi Fələstin qruplaşması HƏMAS-ın hərbi qanadının bir üzvünə, Fransada vəsait toplayan iki şəxsə və iki təşkilata qarşı əlavə sanksiyalar elan edib.
Nazirliyin yaydığı bəyanata görə, tətbiq olunan tədbirlər HƏMAS-ın saxta xeyriyyə strukturları və kriptovalyuta kanalları vasitəsilə 2 milyon dollardan çox vəsait topladığı mürəkkəb çoxillik maliyyə arxitekturasını üzə çıxarıb. Qurumda bildirilib ki, bu, təşkilatın aşkarlanmaqdan yayınmaq üçün vəsait toplama üsullarını dəyişdirmək qabiliyyətini hələ də qoruduğunu göstərir.
Sanksiya siyahısına düşən şəxslərdən biri HƏMAS üzvü Səlim Abdulla Səlim əz-Zəkdir. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, o, qruplaşmanın Qəzza zolağındakı hərbi qanadında tabor komandirinin müavini vəzifəsini tutur.
Nazirlikdən əlavə edilib ki, əz-Zək HƏMAS-ın hərbi qanadı olan “Əl-Qəssam” briqadasına əhəmiyyətli miqdarda vəsait köçürmək üçün müxtəlif pul köçürmə xidmətləri və kriptovalyuta cüzdanlarından istifadə edən maliyyə şəbəkəsinə nəzarət edir.
