AÇG yatağında neftin azalma sürəti 3 faizə düşüb
carci.news
Enerji

AÇG yatağında neftin təbii azalma sürəti 12 faizdən 3 faizə enib

“Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağında neft hasilatının illik azalma göstəricisi 2023-cü ildə qeydə alınan 12 faizdən hazırkı dövrdə 3 faizə qədər aşağı düşüb. Bu dəyişiklik bp şirkətinin SOCAR ilə birlikdə gördüyü əlavə qazma işləri və tətbiq etdiyi müasir texnologiyalar sayəsində baş verib.

Uzun illərdir işlənən AÇG yatağında əsas vəzifə hasilatın tədricən azalmasının qarşısını almaq və mövcud ehtiyatlardan ən yüksək nəticəni əldə etməkdir. Bu məqsədlə hazırda yataqda yeddi qazma qurğusu dayanmadan fəaliyyət göstərir.

2026-cı ilin əvvəlindəki doqquz ay ərzində ümumilikdə 17 yeni quyu qazılaraq istismara hazır vəziyyətə gətirilib. Onlardan 12-si neft çıxarmaq, üçü su vurmaq, ikisi isə qaz vurmaq üçün nəzərdə tutulub. Müqayisə üçün, keçən ilin eyni müddətində yalnız 11 quyu tamamlanmışdı ki, bu da göstəricinin təxminən 55 faiz yüksəldiyini bildirir.

Bu il Dərinsulu Günəşli sahəsindəki yeddi sualtı quyuda görülən təmir-bərpa işləri platformadan deyil, “Xankəndi” adlı sualtı tikinti gəmisindən idarə olunub. Həmin əməliyyatlarda bp-nin Xəzər hövzəsindəki fəaliyyəti tarixində ilk dəfə dikborusuz (riserless) yüngül müdaxilə texnologiyasından yararlanılıb, bu da platformadakı qurğunun daha çox qazma işinə ayrılmasına imkan verib.

Dərinsulu Günəşli, Mərkəzi Azəri və Qərbi Çıraq bölgələrində əlavə 10 quyuda hasilatı yüksəltmək məqsədilə xüsusi gəmi ilə stimullaşdırıcı işlər aparılıb. Mərkəzi Azəri platformasında isə qazın yenidən layların dərinliyinə ötürülməsi gücü genişlənmə layihəsi çərçivəsində 20 faiz artırılıb.

Çoxlüləli quyu üsulu ilk dəfə sınaqdan keçirilib

Cari ildə AÇG yatağında çoxlüləli quyu texnologiyası ilk dəfə tətbiq olunub. Qərbi Azəri platformasından qazılmış C44 nömrəli quyu bu metodla Xəzər dənizində qazılan ilk nümunə kimi qeydə alınıb. İl üçün planlaşdırılan üç belə quyudan ikisi, yəni C44 və D41, artıq istismara verilib, 2027-2028-ci illərdə isə bu istiqamətdə qazma işlərinin genişləndirilməsi planlaşdırılır.

Yataqdakı ehtiyatların daha dəqiq müəyyən edilməsi məqsədilə 2024-cü ildən 2028-ci ilədək davam edəcək 4D seysmik araşdırma proqramı icra edilir. Bu proqramın maliyyə həcminin təxminən 370 milyon dollara çatacağı proqnozlaşdırılır.

Son məlumata görə, AÇG yatağının işlənməsi üçün bu günədək təxminən 47 milyard dollar vəsait xərclənib və yataqdan ümumilikdə 4,7 milyard barelə yaxın neft çıxarılıb. Bununla yanaşı, Azərbaycan dövlətinə 63 milyard kubmetrdən artıq səmt qazı təhvil verilib.

Related posts

2027-ci il büdcəsində qaz hasilatının 1,5 faiz artması nəzərdə tutulur

Editor

EMTA üçüncü rübdə 4920 müraciəti qeydə alıb

Editor

ETTC-də Fuad İmanov baş direktor müavini təyin edilib

Editor
IP geolocation by DB-IP