Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi ali məktəb tələbələrinin foto və videolarını süni intellekt proqramları ilə montaj edərək şantaj yolu ilə pul tələb edən 25 yaşlı İlkin Nəhmədovu saxlayıb.
Hadisə Baş İdarəyə daxil olan müraciətlərdən sonra üzə çıxıb. Müxtəlif ali təhsil müəssisələrində oxuyan tələbələr bildiriblər ki, onlara məxsus görüntülər saxtalaşdırılaraq sosial şəbəkələrdə yayılıb, bunun ardınca isə materialların silinməsi üçün onlardan pul istənilib.
Əməliyyat-texniki tədbirlər nəticəsində şübhəli şəxs müəyyən edilib və saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, “TikTok” və “Instagram” platformalarından tələbələrə aid şəkil və videoları əldə edib, sonra bunları süni intellekt proqramları vasitəsilə dəyişdirib.
Nəhmədov montaj etdiyi görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə edərək onları özünün yaratdığı saxta sosial şəbəkə hesablarından yayıb. Bundan sonra o, qurbanlardan həmin materialların silinməsi müqabilində pul tələb edib.
Fakt üzrə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi açılıb, istintaq davam etdirilir.
DİN-dən vətəndaşlara xəbərdarlıq
Daxili İşlər Nazirliyi vətəndaşlara sosial şəbəkələrdə şəxsi foto və video paylaşarkən ehtiyatlı olmağı, hesabların məxfilik ayarlarını düzgün qurmağı və fərdi məlumatları tanımadıqları insanlarla bölüşməməyi tövsiyə edib.
Nazirlik həmçinin xatırladıb ki, vətəndaşlara məxsus görüntülərdən icazəsiz istifadə edərək süni intellekt vasitəsilə saxta və rüsvayedici material hazırlamaq, bunları yaymaq və ya silinməsi üçün pul tələb etmək cinayət məsuliyyəti yaradır. Belə hallarda qanunvericiliyə uyğun ciddi tədbirlər görülür, əməlin xarakterindən asılı olaraq azadlıqdan məhrumetmə cəzası da tətbiq oluna bilər.
