ABŞ-ın Associated Press agentliyi Azərbaycan xalçaçılarının hazırladığı “Səmavi dinlər” adlı üçlük əsər barədə süjet yayımlayıb. Video materialda bildirilir ki, yəhudilik, xristianlıq və islama həsr olunmuş xalçalar Vatikanda nümayiş etdirilib və inam, sənət və mədəniyyəti bir araya gətirir.
Layihə Azərbaycan rəssamı Eldar Mikayılzadənin eskizləri əsasında hazırlanıb və səkkiz il ərzində 28 qadın toxucu tərəfindən əl ilə toxunub. Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, bu əsər Azərbaycanda xalçaçılıq sənətində yeni mərhələnin başlanğıcıdır və ölkə tarixən müxtəlif dinlərin nümayəndələrinin birgə yaşadığı məkan olub.
Xalçalar oktyabr ayında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Papa XIV Leo ilə görüşü zamanı Vatikana təqdim edilib. Üç əsər ayrı-ayrılıqda fərqli dinləri və mədəniyyətləri simvolizə etsə də, birlikdə insanlığın ortaq dəyərlərini — sülh, mərhəmət və ədaləti — ifadə edir.
Bundan əvvəl, 29 sentyabrda Vatikan Muzeylərində sərginin açılışı olub. Vatikan Şəhər Dövlətinin İdarəçisi Rafaella Petrini mədəniyyət və yaddaşın sülhün əsas dayaqları olduğunu deyib, sərginin fərqli dinlər, xalqlar və mədəniyyətlər arasında dialoq üçün imkan yaratmasını vurğulayıb. Vatikan Muzeylərinin direktoru Barbara Yatta xalçaların “Anima Mundi” adlı nüfuzlu bölmədə nümayiş etdirildiyini bildirib.
Azərbaycanın Müqəddəs Taxta səfiri İlqar Muxtarov səkkizillik proses ərzində inam, dialoq və tolerantlıq arasında bədii sintezin əldə olunduğunu söyləyib. Sərgi çərçivəsində müsəlman, xristian və yəhudi icmalarından üç azərbaycanlı qadının həyatından bəhs edən “Harmony” sənədli filmi də təqdim olunub.
AP-nin videosunda həmçinin xalçaçılığın Azərbaycan mədəniyyətindəki mərkəzi yerinə və bu sənətin 2010-cu ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilməsinə istinad olunur. 28 iyul 2025-ci ildə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Vatikanın Dinlərarası Dialoq Dikasteriyası arasında imzalanmış Anlaşma Memorandumu da tərəflər arasındakı əlaqələrin dərinləşməsi kontekstində qeyd edilib.
