Argentina ölkə iqtisadiyyatına ciddi məbləğdə vəsait qoyan xarici şəxslərə vətəndaşlıq verilməsini nəzərdə tutan yeni proqrama start verəcək. Bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo sosial şəbəkədə məlumat yayıb.
Nazirin sözlərinə görə, müraciətlərin qəbuluna 2026-cı ilin dördüncü rübündən başlanılacaq. Proqram hökumətin daha geniş iqtisadi açıqlıq və beynəlxalq əməkdaşlıq xətti çərçivəsində həyata keçirdiyi islahatların tərkib hissəsi kimi təqdim olunur.
Luis Kaputo bildirib ki, təşəbbüsün əsas məqsədlərindən biri xarici kapitalın ölkəyə cəlb edilməsidir. Eyni zamanda, proqramın hazırlanmasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Çirkli Pulların Yuyulmasına Qarşı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun tövsiyələri əsas götürülüb, bu da maliyyə şəffaflığı və risklərin idarə edilməsi üzrə beynəlxalq standartlara uyğunluğu təmin etməlidir.
Nazir qeyd edib ki, hökumət ölkənin xarici tərəfdaşlarla əlaqələrini genişləndirməyə, Argentina vətəndaşlığının beynəlxalq nüfuzunu artırmağa və dövlətin etibarlı, açıq imicini gücləndirməyə çalışır: “Biz Argentinanın əlaqələrinin gücləndirilməsi, vətəndaşlığımızın dəyərinin beynəlxalq səviyyədə təşviqi üzərində işləməyə davam edirik”.
