Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edərək bildirib ki, 2027-ci il dövlət büdcəsində hərbi və təhlükəsizlik xərcləri üçün təqribən 9 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulur.
Dövlət başçısı deyib ki, ölkənin ətrafında vəziyyət gərgindir və regionda müharibələr dayanmır. Onun sözlərinə görə, həm şimal, həm cənub istiqamətlərində, həm də Yaxın Şərqdə yeni münaqişə ocaqları yaranır, yeni perimetr üzrə toqquşmalar davam edir, bu isə heç bir beynəlxalq mexanizmlə tənzimlənmir.
İlham Əliyevin fikrincə, bunun səbəbi beynəlxalq hüquq normalarının getdikcə öz gücünü itirməsidir, bu qaydalara əməl edən dövlətlərin sayı isə azalmaqdadır. Bu baxımdan prezident Azərbaycanın istənilən hərbi təxribata operativ cavab vermək üçün daim hazır olmalı olduğunu vurğulayıb.
“Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək”, – deyə dövlət başçısı qeyd edib.
Məhz buna görə müzakirə olunan büdcə layihəsində hərbi və təhlükəsizlik istiqaməti yenə önəmli yer tutur və bu sahəyə təqribən 9 milyard manata yaxın məbləğ ayrılması planlaşdırılır. Prezident həmçinin bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası, eləcə də əhalinin sosial rifahının yaxşılaşdırılması da büdcədə öz əksini tapıb. Onun sözlərinə görə, ölkənin təhlükəsizliyi təmin olunmazsa, digər bütün layihələr öz əhəmiyyətini itirəcək.
