Türkiyənin Borsa İstanbul şirkətinin baş direktoru Qorxmaz Enes Ərqun birjada manipulyasiya araşdırması çərçivəsində saxlanılıb. Xəbəri İstanbul Respublika Baş Prokurorluğu yayıb.
İstanbul Respublika Baş Prokurorluğunun yaydığı açıqlamaya əsasən, Borsa İstanbul rəhbəri Qorxmaz Enes Ərqunun saxlanılması fond bazarında manipulyasiya ehtimalına dair aparılan istintaqla bağlıdır. Ona qarşı iki fərqli ittiham əsasında tədbir görülüb.
Açıqlamada qeyd olunub ki, Ərqun cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda və rüşvət almaqda təqsirləndirilir.
Qurum bildirib ki, hadisə ilə bağlı istintaq hələ tamamlanmayıb və müvafiq tədbirlər davam etdirilir. İşin təfərrüatları ilə bağlı əlavə açıqlama verilməyib.
