Azərbaycanda kərə yağının bahalaşmasının ardınca günəbaxan və qarğıdalı yağının da qiyməti qalxıb. Ekspertə görə, bunun səbəbi kərə yağına tələbatın azalıb duru yağa yönəlməsidir.
Bu ilin oktyabr ayında bir litr günəbaxan yağının orta qiyməti 5 manat 27 qəpiyə, bir litr qarğıdalı yağının qiyməti isə 6 manat 92 qəpiyə çatıb. Müqayisə üçün rəqəmlər keçən ilin oktyabr ayı ilə tutuşdurulub və hər iki məhsulda artım qeydə alınıb, lakin qarğıdalı yağındakı bahalaşma daha nəzərəçarpacaq olub.
Satıcıların sözlərinə görə, son bir ay ərzində bitki yağlarının qiymətində 50 qəpikdən 1 manatadək artım müşahidə olunub. Onlar bildirir ki, marketlərdə Türkiyə, Rusiya və yerli istehsalçılara məxsus onlarla çeşiddə duru yağ satılır və bu məhsullar arasında qiymət fərqi mövcuddur.
Alıcılar isə artan qiymətlərdən narazılıqlarını gizlətmirlər. Onlardan biri bildirib ki, əsasən endirimdə olan kərə yağını alır, adi günlərdə isə bu məhsuldan imtina edir.
Qiymət artımının səbəbi nədir
İqtisadçı Ruslan Atakişiyevin sözlərinə görə, kərə yağının bahalaşması istehlakçıları onun əvəzedicisi sayılan duru yağa yönəldir, bu da öz növbəsində duru yağa tələbatı və qiymətini artırır. Onun fikrincə, artan tələbat təchizatçılarda daha çox idxal etmək marağı yaradır və onlar bu vəziyyətdən qazanc əldə etməyə çalışırlar.
Ekspert əlavə edib ki, idxalın artması və rəqabətin güclənməsi müəyyən müddətdən sonra bazarda tarazlığın bərpasına səbəb ola bilər. Onun sözlərinə görə, qiymətlərin gələcək dinamikası məhz tələb-təklif nisbətindən asılı olacaq.
Hazırda isə istehlakçılar bahalaşma şəraitində əsasən endirim kampaniyalarını gözləməyə üstünlük verdiklərini bildirirlər.
