Azərbaycan cari ilin yanvar-sentyabr aylarında 563,3 min ton meyvə-tərəvəz ixrac edərək 671,4 milyon ABŞ dolları gəlir əldə edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu məbləğ keçən ilin eyni dövrünə nisbətən 68,9 milyon dollar çoxdur.
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata əsasən, meyvə-tərəvəz ixracından daxil olan 671,4 milyon dollarlıq gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 11,4 faiz artıb. Eyni zamanda ixrac olunan həcm 11 min ton, yəni 1,9 faiz azalıb. Bu, qiymət artımının həcm azalmasının təsirini kompensasiya etdiyini göstərir.
Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixrac gəlirlərinin 2,8 faizini təşkil edib.
Eyni dövrdə Azərbaycana 235,15 min ton meyvə-tərəvəz idxal olunub, bunun dəyəri 219,4 milyon dollar təşkil edib. İdxalın dəyəri keçən ilin eyni dövrünə nisbətən 0,4 faiz artsa da, həcm 13,1 faiz, yəni 35,6 min ton azalıb. Meyvə-tərəvəz idxalına çəkilən xərc ölkənin ümumi idxal xərclərinin 1,6 faizini təşkil edib.
Xarici ticarət dövriyyəsi artıb
9 ayda Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 37 milyard 211 milyon dollara çatıb ki, bu da bir il əvvəlki göstəricidən 5,2 faiz çoxdur. Bu məbləğin 23 milyard 865 milyon dolları ixracın, 13 milyard 346 milyon dolları isə idxalın payına düşüb.
Son bir ildə ümumi ixrac 28,3 faiz artıb, idxal isə 20,4 faiz azalıb. Nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollar məbləğində müsbət saldo formalaşıb ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 5,7 dəfə çoxdur.
Həmçinin oxuyun: Azərbaycanın xarici ticarət profisiti 9 ayda təxminən 6 dəfə artıb
