Ədliyyə Nazirliyi bildirib ki, mənzil təmiri bəhanəsi ilə vətəndaşları aldatmaqda ittiham olunan Elmir Nuriyev Almaniyada tutulub və 6 noyabrda Azərbaycana ekstradisiya olunub. O, beynəlxalq axtarış siyahısında idi.
Ədliyyə Nazirliyinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Elmir Elxan oğlu Nuriyev 2021-ci ildə bir sıra şəxslərə mənzillərini təmir etdirəcəyi barədə yanlış məlumat verərək özgənin əmlakını ələ keçirməkdə və xeyli ziyan vurmaqda ittiham olunur. Bu əməlinə görə ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri üzrə dələduzluq ittihamı qaldırılıb.
İnterpolun ölkəmizdəki Milli Mərkəzi Bürosu onu beynəlxalq axtarışa verib. Yeri Almaniyada müəyyənləşdirilib və o, orada həbs edilib. Baş Prokurorluğun müraciəti, Ədliyyə Nazirliyinin verdiyi təminatlar və qarşılıqlı danışıqların nəticəsində onun geri qaytarılması ilə bağlı razılığa gəlinib.
Nuriyev Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi ilə Penitensiar xidmətinin nümayəndələri tərəfindən Almaniyadan Azərbaycana gətirilib. Məhkəmə qərarı ilə o, aidiyyəti istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik qeyd edib ki, xarici dövlətlərin müvafiq qurumları ilə birgə iş çərçivəsində beynəlxalq axtarışda olan şəxslərin ölkəyə qaytarılması sahəsindəki fəaliyyət davam etdirilir.
Həmçinin oxuyun: Elmir Nuriyevin Almaniyadan ölkəyə qaytarılmasına razılıq əldə edilib
