Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva bildirib ki, “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) əmək müqaviləsi bağlanarkən qanunsuzluqların baş verməsinə yol vermir.
Nərmin Mirzəyeva bu fikri Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Dövlət-Biznes Əməkdaşlığı Forumunda səsləndirib. “Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri” mövzusunda keçirilən panel sessiyada çıxış edən rəis müavini sistemin işəgötürənləri cəzalandırmaq üçün deyil, qabaqlayıcı nəzarət vasitəsi kimi tətbiq olunduğunu vurğulayıb.
Onun sözlərinə görə, əmək münasibətlərinin ƏMAS vasitəsilə rəsmiləşdirilməsi nəzarət orqanına geniş məlumat bazası təqdim edir və bu bazadan istifadə edərək müxtəlif uyğunsuzluqları müəyyən etmək mümkün olur.
Nərmin Mirzəyeva konkret nümunələr də çəkib. Onun sözlərinə görə, 18 yaşınadək şəxslərin iş saatları Əmək Məcəlləsində təsbit olunan həddən artıq göstərilərsə, sistem buna icazə vermir. Eləcə də tam və ya qısaldılmış iş vaxtı üzrə əməkhaqqı ölkə üzrə müəyyən edilmiş minimum həddən aşağı daxil edildikdə, ƏMAS bu barədə bildiriş göndərir.
Rəis müavini qeyd edib ki, bu mexanizmlər xidmətin əsas niyyətinin işəgötürənə qarşı cərimə tətbiqi olmadığını göstərir. Eyni zamanda o, əmək müqaviləsinə daxil edilən məlumatlarda pozuntu aşkarlandığı hallarda elektron nəzarət vasitəsilə cərimələrin tətbiqinin mümkünlüyünü də xatırladıb.
