Helsinki Dairə Məhkəməsi Fin körfəzindəki sualtı kabelin zədələnməsi ilə bağlı “Fitburq” gəmisinin kapitanını və azərbaycanlı botsmanı azadlıqdan məhrum edilməyə məhkum edib.
“Fitburq” gəmisi ilə bağlı məhkəmə prosesi Helsinkidə başa çatıb. Məhkəmə gəminin rusiyalı kapitanı Andrey Maksimenkonu və azərbaycanlı botsman Vüsal Məcidovu ağır təxribat törətməkdə təqsirli hesab edib və hər ikisinə dərhal icra olunan həbs cəzası təyin edib.
Qərara əsasən, kapitan Maksimenko 3 il 6 ay müddətinə, Vüsal Məcidov isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə hər iki şəxsin dərhal həbs olunması qeyd edilib.
Hökm qəti deyil və ondan apellyasiya şikayəti verilə bilər. Vəkillərin sözlərinə görə, kapitan hökmdən şikayət edəcək, botsman isə hələ qərar verməyib.
Hakimlər onları Yeni il gecəsi Fin körfəzində baş vermiş hadisədə kabellərə ziyan vurmaqda günahkar sayıb. Məhkum olunanlara ayrıca öhdəlik qoyulub: onlar zədələnmiş kabellərin və qaz kəmərinin bərpası, həmçinin yoxlanılması üçün çəkilən xərclərə görə zərərçəkən tərəflərə kompensasiya ödəməlidirlər.
Kabel zədələnməsi necə baş vermişdi
Hadisə 2025-ci il dekabrın 31-də qeydə alınıb: Estoniya ilə Finlandiyanı birləşdirən Fin körfəzindəki sualtı rabitə xətti zərər görüb. Hadisədən sonra Finlandiyanın sahil mühafizə xidməti şübhəli bilinən “Fitburq” gəmisini saxlayıb.
Gəmidə olan 14 nəfərlik heyət polis tərəfindən saxlanılıb. Ekipaj tərkibinə Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları daxil olub.
