Avtomobil sahibləri müəyyən şərtlər yerinə yetirildikdə icbari sığorta haqqından hər dəfə 5 faiz güzəşt ala biləcək. Bunun üçün son 275 gün ərzində sürücünün təqsiri ilə sığorta ödənişinə səbəb olan qəza qeydə alınmamalıdır.
Güzəştin tətbiqi sığorta tarixçəsi əmsalı ilə bağlıdır və iki şərtin eyni anda ödənilməsini tələb edir. Birincisi, əmsala edilən son dəyişiklikdən bəri fiziki şəxsin təqsiri üzündən sığorta ödənişi ilə nəticələnən heç bir hadisə baş verməməlidir. İkincisi, həmin tarixdən etibarən sığortalılıq müddəti 275 gündən artıq olmalıdır.
Hər iki şərt yerinə yetirildiyi təqdirdə, sürücünün neçə icbari sığorta müqaviləsinin qüvvədə olmasından asılı olmayaraq, əmsala hər dəfə 5 faiz endirim tətbiq olunur.
Avtomobilini taksi kimi istismar edən hüquqi şəxslər üçün qayda bir qədər fərqlidir. Bu halda qəza ilə bağlı şərt birbaşa sürücüyə aid edilir, yəni son dəyişiklikdən sonra həmin sürücünün təqsiri ilə sığorta ödənişi olmamalıdır.
Digər hallarda isə, yəni avtomobil sahibi hüquqi şəxs olub, nəqliyyat vasitəsi sərnişindaşımada istifadə edilmədikdə, sığorta tarixçəsi əmsalı sabit olaraq 1 təşkil edir. Bu zaman həmin əmsala nə güzəşt, nə də əlavə tətbiq edilmir.
