Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər həlak olub, onlardan biri keçmiş televiziya aparıcısı Ada Süleymanova olub. Faktla bağlı cinayət işi başlanılıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Lökbatan qəsəbəsi ərazisində baş vermiş qəza və avtomobildə sıxılıb qalan insanlar barədə məlumat daxil olub. Məlumatdan sonra nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə göndərilib.
Xilasedicilər gəldikdə məlum olub ki, “VOYAH” markalı minik avtomobili ilə yük maşını toqquşub. Qəza nəticəsində minik avtomobili ciddi deformasiyaya uğrayıb, içərisindəki iki nəfər sıxılı vəziyyətdə qalıb.
Xüsusi avadanlıqdan istifadə edərək xilasedicilər avtomobildən sürücü Anar Alik oğlu Kərimovun və sərnişin Ada Ceyhun qızı Süleymanovanın cəsədlərini çıxararaq aidiyyəti qurumlara təhvil veriblər. Bildirilib ki, Süleymanova doğum gününü qeyd etdikdən sonra evə qayıdarkən qəzaya düşüb.
Ada Süleymanova əvvəllər ARB TV-də aparıcı kimi çalışıb. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, nəticədə iki və daha çox şəxsin ölümünə səbəb olma) ilə cinayət işi başlanılıb və zəruri ekspertizalar təyin olunub. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
