QHT qrant müsabiqəsi 2027 üçün elan olundu
carci.news
Hökumət və nazirliklər

QHT Dəstəyi Agentliyi 2027-ci il qrantları üçün sənəd qəbuluna start verib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi kiçik və böyük qrant müsabiqəsi çərçivəsində 2027-ci il üzrə layihə təkliflərinin toplanmasına başlayıb. Sənədlər 20 noyabrdan 20 dekabra qədər yalnız elektron qaydada qəbul ediləcək.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə qrant müsabiqəsi elan edərək kiçik və böyük layihələr üzrə sənəd qəbuluna başlayıb. Kiçik qrant istiqamətində maksimum maliyyə həcmi 30.000 manat təşkil edir, icra müddəti isə 6 ayı ötməməlidir. Böyük qrant üzrə isə dəstək məbləği 70.000 manata qədər ola bilər, icra üçün 9 aya qədər vaxt ayrılır. Bu müsabiqə Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarına əsaslanır.

Agentlik bildirib ki, sənəd toplanması başa çatdıqdan sonra təqdim olunan layihələr ekspertlər tərəfindən qiymətləndiriləcək və qalib layihələr 2027-ci ilin birinci rübündə açıqlanacaq. Qiymətləndirmə zamanı layihənin yeni yanaşmalar təklif etməsinə, tərəfdaş qurumlar və sosial media ilə əlaqə qurma qabiliyyətinə, eləcə də dövlət proqramlarına real faydasına xüsusi diqqət yetiriləcək.

Müsabiqə beş mövzu üzrə keçirilir

Qrant proqramı beş əsas istiqaməti əhatə edir: azərbaycançılıq ideyasının təbliği və xarici ideoloji təsirlərə qarşı cəmiyyətin mobilizasiyası; QHT-lərin rəqəmsal platformalar və süni intellekt üzrə biliklərinin artırılması; regionlarda aqrar sahədə yeni təşəbbüslərin dəstəklənməsi; ailə institutunun möhkəmləndirilməsi və ictimai təhlükəsizliyin təmin olunması; həmçinin beynəlxalq əhəmiyyət daşıyan sərbəst mövzulu layihələr.

Sonuncu istiqamət üzrə təşkilatlar birgə, yəni koalisiya formatında da müraciət edə bilər. Bu zaman heyətdə ən azı bir yerli və bir xarici qurum olmalı, baş icraçı funksiyasını isə yalnız yerli QHT yerinə yetirməlidir. Hər bir təşkilat yalnız bir koalisiyanın tərkibində çıxış edə bilər, koalisiya hər iki müsabiqəyə layihə təqdim etsə də, yalnız birinə maliyyə ayrılacaq.

Tələb olunan sənədlər və qiymətləndirmə prinsipləri

Müraciət edəcək qurumlar layihə ideyası, icra cədvəli, xərclər hesablanması, maliyyə izahı, nizamnamə, dövlət qeydiyyatı sənədləri, vergi şəhadətnaməsi və bank məlumatlarından ibarət paket hazırlamalıdır. Kiçik qrantda iştirak edən QHT-lər son üç ildə azı 10 media materialının, böyük qrantda isə son beş ildə ən azı 30 müxtəlif jurnalist yazısının mövcudluğunu təsdiqləməlidir.

Əvvəlki müsabiqələrdə öhdəliyini yerinə yetirməyən, borcu olan və ya iştirak haqqı ləğv edilmiş təşkilatların, habelə qanunla ziddiyyət təşkil edən və ya plagiat xarakterli layihələrin sənədlərinə baxılmayacaq. Hər bir layihə 100 ballıq sistemlə qiymətləndirilir; bu zaman məqsədin aydınlığı, büdcənin əsaslandırılması, risklərin təhlili və gözlənilən nəticələr nəzərə alınır.

Bütün müraciətlər yalnız Agentliyin elektron xidmət portalındakı e-ərizə bölməsi vasitəsilə qəbul olunur. Şəxsən təqdim edilən, poçt və ya elektron poçt yolu ilə göndərilən sənədlər nəzərə alınmayacaq.

Foto: Nemoralis / Wikimedia Commons, CC BY-SA 4.0

Related posts

Baş nazir: Strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb

rashadamiraliyev

Nazirlər Kabineti oyuncaqlar üçün yeni təhlükəsizlik qaydalarını təsdiqlədi

Editor

Həlak olan minatəmizləyənlərin ailələri üçün vergi güzəştini təsdiqləyən sənədlər müəyyənləşdi

rashadamiraliyev
IP geolocation by DB-IP