İnterpolun axtarış siyahısında olan Azərbaycan vətəndaşı Zinyət Səfərova Türkiyədə tutulduqdan sonra ölkəyə ekstradisiya edilib. O, “RX.Sərdaroğulları Holdinq” MMC-də rəhbər vəzifədə çalışarkən 445 min manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, Zinyət Məmmədrəsul qızı Səfərovanın ünvanı İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosunun həyata keçirdiyi axtarış tədbirləri sayəsində Türkiyədə aşkarlanıb və həmin ölkədə saxlanılıb. Zinyət Səfərovanın ekstradisiyası Ədliyyə Nazirliyinin müraciəti və türk tərəfinin iştirakı ilə keçirilən danışıqlar nəticəsində mümkün olub.
İddiaya görə, Zinyət Səfərova 2019-cu ildə “RX.Sərdaroğulları Holdinq” MMC-nin direktoru kimi çalışdığı dövrdə faktiki olaraq baş mühasibin vəzifə öhdəliklərini də icra edib. O, bu müddətdə şirkət tərəfindən ona həvalə olunmuş 445 min manat dəyərində pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Bundan başqa, Səfərova cinayət yolu ilə əldə edilmiş əmlakı maliyyə əməliyyatları və əqdlər vasitəsilə leqallaşdırmaqda da təqsirləndirilir. Belə ki, Səfərovaya Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və ya israf etməni tənzimləyən 179.3.2-ci, habelə cinayət yolu ilə qazanılan əmlakın külli miqdarda leqallaşdırılmasına dair 193-1.3.2-ci maddələri üzrə ittiham elan olunub.
Noyabrın 19-da Zinyət Səfərova Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin nümayəndələri müşayiətilə Azərbaycana çatdırılıb. Məhkəmənin verdiyi həbs qərarına uyğun olaraq, o, müvafiq istintaq təcridxanasına göndərilib.
