Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində (TTM) vəsaitin mənimsənilməsi ilə bağlı cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində ilk iclas keçirilib. İşdə “Salyanski kazarma” kimi tanınan mərkəzin sabiq rəisi, polkovnik Sarı Xəlilov da daxil olmaqla 7 nəfər təqsirləndirilir.
Hərbi Prokurorluğun apardığı ibtidai istintaqa görə, TTM-ə dəymiş ziyanın məbləği 207 min manat kimi müəyyənləşib. İş üzrə məhkəmə prosesini hakim Zeynal Ağayev aparır.
Təqsirləndirilən şəxslər sırasında Sarı Xəlilovdan əlavə onun keçmiş köməkçisi gizir Bəxtiyar Bəhrəmzadə, mərkəzin maliyyə xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə, həmçinin müxtəlif vəzifələrdə çalışmış İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov və Ayaz Adamov var. Onlardan yalnız Rəşad Məlikzadə və İbadulla Əliyev hazırda həbsdə saxlanılır.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin şəxsi məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr aparılıb. Sonra iş məhkəmə baxışına göndərilib, növbəti iclas 13 noyabra təyin olunub.
Şəxslərə mütəşəkkil dəstə tərkibində mənimsəmə ittihamı irəli sürülüb. Məhkəmə təqsiri sübuta yetirilən hallarda keçmiş hərbçiləri 10 ilədək azadlıqdan məhrumetmə və dəymiş ziyanın ödənilməsi gözləyir.
Sarı Xəlilovun müdafiə nazirinin sabiq müavini, general-leytenant Nizam Osmanovla yaxın dost olduğu bildirilir. Osmanov vəzifədən azad edilən zaman Xəlilov da təqaüdə göndərilmişdi.
