Türkiyənin dövlət şirkəti BOTAŞ ilə İranın Milli Qaz Şirkəti arasında 25 illik müqavilənin iyulda sona yetməsindən sonra təbii qaz göndərişlərinin daha beş il davam etdirilməsi barədə razılıq əldə olunub.
ANKA agentliyinin məlumatına görə, Türkiyə-İran qaz müqaviləsi üzrə Tehrandan Ankaraya ötürülən qazın həcmi əvvəlki saziş çərçivəsində olduğu kimi ildə təxminən 10 milyard kubmetr səviyyəsində saxlanılacaq. Tərəflər qiymətin hesablanması üçün köhnə sxemi dəyişməz saxlamağı qərara alıblar. Yeni sənədin qüvvədə olma müddəti 18 aprel 2032-ci il tarixinədək müəyyən edilib.
Hazırda İran Türkiyəyə qaz satan dövlətlər arasında Rusiya, Azərbaycan və Amerika Birləşmiş Ştatlarından sonra dördüncü sırada yer alır. Bildirilir ki, 2025-ci ildə İran Türkiyəyə 7,7 milyard kubmetr qaz göndərib, bu rəqəm ölkənin ümumi qaz idxalının təxminən 13,2 faizinə bərabərdir.
2025-ci ildə Türkiyənin xaricdən cəlb etdiyi təbii qazın ümumi həcmi 58,4 milyard kubmetrə çatıb. Bu, 2024-cü illə tutuşdurulduqda 11,73 faizlik artım göstəricisidir.
