Üzeyir Hacıbəyli festivalında “Leyli və Məcnun” yenidən səhnədə - carci.news
carci.news
Mədəniyyət

Üzeyir Hacıbəyli festivalında “Leyli və Məcnun” yenidən səhnədə

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dahi bəstəkarın “Leyli və Məcnun” muğam operası əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib. Festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamovdur. Quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssam Vüsal Rəhimdir. Xormeyster Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçi isə Xalq artisti Səkinə İsmayılovadır.

Əsas rolları Əməkdar artist Nadir Xasiyev, respublika və beynəlxalq muğam müsabiqələrinin qalibləri İlahə Rüstəmova və Orxan Hüseynli ifa ediblər. Tamaşada teatrın digər aktyorları, xor və balet artistləri də çıxış ediblər.

Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılmış “Leyli və Məcnun” 1908-ci ildə Bakıda ilk dəfə səhnəyə qoyulub. Əsər müsəlman Şərqində ilk opera kimi tarixə düşüb. Muğamla Avropa opera ənənəsini birləşdirən bu əsər bir əsrdən artıqdır ki, Azərbaycan musiqi mədəniyyətinin simvollarından biri olaraq qalır.

Şərh yazın

IP geolocation by DB-IP