Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatında Sənan Nəsibli, Yusif Əli və Sərxan Haxverdiyev finala vəsiqə qazanıb. Ələkbər Məmmədli və Gülay Ocaqova isə bürünc medala sahib olub.
Yarımfinal mərhələsinin ilk gününün nəticələrinə görə, 52 kiloqram çəki dərəcəsində çıxış edən Sənan Nəsibli serbiyalı rəqibi Lazar Yovanoviçi 5:0 hesabı ilə ring tərk etməyə məcbur edib. Qazax boks məktəbinin yetirməsi qızıl medal uğrunda şotlandiyalı Brodi Dau ilə qarşılaşacaq.
57 kiloqramda yarışan Yusif Əli ukraynalı Kirilo Çumakovu 4:1 hesabı ilə məğlub edib. Final görüşündə onu rusiyalı Yeqor Jiruxin gözləyir.
70 kiloqram çəki kateqoriyasında mübarizə aparan Sərxan Haxverdiyev isə italiyalı Dieqo Mastrorilloya qarşı 5:0 hesablı inamlı qələbə qeydə alıb. Gəncə boks məktəbinin nümayəndəsi qızıl medal uğrunda ingiltərəli Şeyn Fyuri ilə qarşı-qarşıya gələcək.
Millimizin daha iki üzvü – 44 kiloqramda Ələkbər Məmmədli və 57 kiloqramda Gülay Ocaqova yarımfinalda mübarizəni başa vurub, Avropa çempionatının bürünc medallarına yiyələnib.
Yarımfinal mərhələsinin ikinci günündə Azərbaycan millisindən daha beş boksçu ringə çıxacaq. Turnirin qaliblərinin adları oktyabrın 25-də açıqlanacaq.





Həmçinin oxuyun: Məhəmmədəli İstamov U-17 Avropa çempionu olub | U-17 Avropa çempionatı: Cəmilə Muradlı qızıl, Səma Abbasova gümüş medal qazanıb
