Yunanıstanda təşkil olunan çimərlik güləşi Dünya Seriyasının yekun mərhələsində milli komandamız komanda hesablamasında liderliyi ələ keçirərək mövsümün nəticələrinə görə ölkəmizin idman tarixində bu sahədə ilk dünya çempionluğuna imza atıb.
Sentyabrın 26-27-də baş tutan turnirdə komandaya rəhbərlik edən baş məşqçi Oyan Nəzəriani başçılığında çıxış edən idmançılarımız üç qızıl, iki isə bürünc medal qazanaraq 90 xalla yarışı liderliklə tamamlayıb. 80 kiloqramda Vüsal Əliyev, 90 kiloqramda Əşrəf Aşırov, +90 kiloqramda isə Camal Feyziyev fəxri kürsünün zirvəsinə yüksəlib. Bundan başqa, 70 kiloqramda Rübail İbrahimli və 80 kiloqramda Sahib Dadaşov bürünc mükafata sahiblənib.
Beş pilləli seriyanın ümumi hesablamasına əsasən mövsümün qaliblərinin adları da rəsmiləşib. Vüsal Əliyev üçün bu, karyerasında ikinci dəfə dünya çempionluğu olub, çimərlik güləşinə bu mövsüm ilk dəfə qoşulan Əşrəf Aşırov isə belə uğura ilk dəfə imza atıb. Rübail İbrahimli, Sahib Dadaşov və Camal Feyziyev isə öz çəki kateqoriyalarında dünya üzrə üçüncü pillədə qərarlaşıb.
Beləliklə, yığmamız komanda reytinqi üzrə Dünya Seriyası tarixində ilk dəfə çempion adını qazanmağı bacarıb.
Mövsüm boyunca nümayiş etdirdiyi peşəkarlığa görə Dünya Güləş Birliyi (UWW) tərəfindən Oyan Nəzəriani çimərlik güləşi üzrə mövsümün ən yaxşı məşqçisi elan olunub. Ona bu fəxri adı təmsil edən mükafatı Çimərlik Güləşi Komitəsinin rəhbəri Pedro Silva şəxsən təqdim edib.
Turnirdə ölkəmizi təmsil edən yüksək dərəcəli – I-S kateqoriyalı hakim Asif Şirəliyev də iştirak edərək öz missiyasını yerinə yetirib.




