Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, ölkənin milli ödəniş sistemi üzrə dövriyyə 46 faiz artaraq sentyabr ayı nəticələrinə görə 862 milyard manata yüksəlib.
Taleh Kazımovun sözlərinə görə, kartla ölkədaxili əməliyyatlarda nağdsız ödənişlərin payı 69 faizə çatıb. Bu göstərici milli ödəniş sisteminin rəqəmsallaşma səviyyəsinin yüksəldiyini göstərir.
Kartla ölkədaxili əməliyyatların ümumi həcmi ilin doqquz ayında 64,6 milyard manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur. Eyni zamanda, ölkədaxili nağdsız əməliyyatların həcmi 80 milyard manata çatıb, illik artım isə 11,7 faiz olub.
Mərkəzi Bankın sədri bu məlumatları milli ödəniş sisteminin son dövr fəaliyyətinə dair açıqlamasında bildirib.
Həmçinin oxuyun: Taleh Kazımov: Bank sektoru S&P reytinqində 2 pillə irəliləyib
